22.04.2026
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə “StartUP və Karyera İmkanları” mövzusunda “LevelUP” forumu baş tutub.
Forumda Gəncə-Daşkəsən Regional Məşğulluq filialının, ƏƏSMN tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Gəncə Regional Peşə Hazırlığı Mərkəzinin əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Tədbirin açılış nitqini edən Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. O, öz çıxışında gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərdiyini vurğulayıb.
ADAU-nin prorektoru Əhməd Məlikov qeyd edib ki, dövlət gənclərə onların həm fərdi inkişafı, həm də cəmiyyətin gələcək inkişafındakı rolları baxımından böyük diqqət və qayğı göstərir.
GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin koordinatoru Alagöz Quliyevanın moderatorluğu ilə baş tutan panel müzakirədə ƏƏSMN tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Gəncə Regional Peşə Hazırlığı Mərkəzinin direktoru Ariz Ağayev “Gələcəyin peşələrinə necə hazırlaşmalı? Texnologiya sahəsində karyera imkanları və bacarıq yönümlü təlimatlar”. Kapital Bank ASC Gəncə filialının direktoru Vüqar Paşayev “Karyera və şəxsi inkişaf: motivasiya, vaxt idarəsi və liderlik”, “EDED Agro” MMC-nin İnsan Resursları Departamentinin rəhbəri İbrahim İbrahimov “Karyeraya doğru addım: bacarıqlarını kəşf et və uğura yönəl”, ADAU İnnovasiyalar Mərkəzinin direktoru, “İnnovation Park” MMC-nin təsisçisi Elvin Ağayev “Startapda karyera: ideyadan peşəkarlığa addım-addım” mövzularında çıxış ediblər.